Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Üç rəngdə birləşən tariximiz, kimliyimiz və gələcəyimiz

Üç rəngdə birləşən tariximiz, kimliyimiz və gələcəyimiz


Hər bir millətin keçmişində onun özünəməxsusluğunu, dövlətçilik köklərini, həmçinin azadlıq və suverenlik amallarını yaşadan əziz atributlar var. Azərbaycan xalqı üçün də bu uca dəyərlərin başında Dövlət Bayrağımız gəlir. Qürur mənbəyimiz olan bu üçrəngli simvol xalqımızın illər boyu qəlbində qoruduğu istiqlal sevdasını, həmrəyliyini, tarixi yaddaşını və müstəqil dövlət qurmaq əzmini bütün dünyaya nümayiş etdirir.
Bildirmək istərdim ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli milli bayrağı yenidən qaldırılmış və bu hadisə milli dövlətçilik tariximizdə mühüm dönüş nöqtəsinə çevrilmişdir. Həmin sessiyada Naxçıvanın adından “Sovet Sosialist” ifadələrinin çıxarılması, eləcə də milli dövlət rəmzlərimizin bərpası ilə bağlı qəbul edilən qərarlar Azərbaycanın müstəqilliyinə gedən yolda mühüm siyasi addım olmuşdur. Bu tarixi ənənənin davamı olaraq, Prezident Cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunmağa başlanmış, bununla da üçrəngli bayrağımızın dövlətçilik tariximizdəki yeri və milli kimliyimizin rəmzi kimi əhəmiyyəti bir daha vurğulanmışdır.
1990-cı il noyabrın 17-də Naxçıvanda üçrəngli Dövlət Bayrağımızın yenidən qaldırılması ilə başlayan milli dövlətçilik ənənələrinin bərpası 2020-ci ildə Vətən müharibəsində tarixi Zəfərlə yeni mərhələyə yüksəlmişdir. Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının milli birliyini, Ordumuzun döyüş qüdrətini və əzmini bütün dünyaya nümayiş etdirmişdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olmuşdur. Xüsusilə noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi Qələbəmizin taleyini müəyyənləşdirən mühüm hadisələrdən biri olmaqla, xalqımızın Zəfər sevincini daha da artırmışdır.
30 ilə yaxın davam edən həsrətə son qoyulması ilə bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı Qarabağın bütün guşələrində – Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda, Kəlbəcərdə, Qubadlıda, Laçında və digər azad edilmiş ərazilərimizdə qürurla dalğalanır. Bu tarixi qürur 2023-cü il oktyabrın 15-də daha böyük təntənə ilə yaşanmışdır. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocavənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində və Sərsəng su anbarının ərazisində Dövlət Bayrağımızı ucaltmışdır. Bu hadisə Azərbaycanın dövlət suverenliyinin bütün ərazilərində bərpasının, milli birliyimizin və tarixi Zəfərimizin rəmzinə çevrilmişdir.

Maqsud Süleymanlı
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Xəbəri paylaş