Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

WUF13-ün Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunu daha da gücləndirəcək

WUF13-ün Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunu daha da gücləndirəcək


"Bakıda keçiriləcək WUF13 – Ümumdünya Şəhərsalma Forumu Azərbaycan üçün təkcə növbəti beynəlxalq tədbir deyil, həm də ölkənin qlobal platformalarda artan rolunun göstəricisi kimi qiymətləndirilə bilər".

Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, son illərdə Azərbaycan bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib və bu tədbirlərin təşkilati baxımdan yüksək səviyyədə keçirilməsi ölkənin imicinə müsbət təsir göstərib:

"Bu baxımdan WUF13 forumunun da uğurla təşkil olunacağına hər hansı bir şübhə yoxdur. Çünki Azərbaycan artıq böyük miqyaslı beynəlxalq tədbirlərin idarə olunması, təhlükəsizlik, logistika və diplomatik koordinasiya baxımından ciddi təcrübəyə malikdir.
Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyəti ondan ibarətdir ki, bu tədbir yalnız şəhərsalma və memarlıq məsələləri ilə məhdudlaşmır. Forum əslində urbanizasiya, dayanıqlı inkişaf, yaşıl enerji, sosial infrastruktur, rəqəmsal idarəetmə və gələcəyin şəhər modelləri ilə bağlı qlobal müzakirə platformasıdır. Bu baxımdan forumun Bakıda keçirilməsi Azərbaycanın öz inkişaf modelini beynəlxalq auditoriyaya təqdim etməsi üçün mühüm imkan yaradır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tədbirin əsas diqqət mövzularından birinə çevrilə bilər".

Politoloq qeyd edib ki, forum Azərbaycana həm siyasi, həm iqtisadi, həm də imic baxımından ciddi dividendlər vəd edir:

"İlk növbədə, bu tədbir ölkənin beynəlxalq nüfuzunu daha da gücləndirəcək. COP29-dan sonra daha bir nüfuzlu BMT platformasının Bakıda keçirilməsi Azərbaycanın artıq regional deyil, daha geniş beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir. Digər tərəfdən, forum çərçivəsində yeni investisiya əlaqələrinin qurulması, urbanizasiya və infrastruktur layihələrinə xarici marağın artması da mümkündür. Şəhər texnologiyaları, nəqliyyat, yaşıl enerji və tikinti sektorlarında əməkdaşlıq imkanlarının genişlənməsi Azərbaycan üçün əlavə iqtisadi perspektivlər yarada bilər".

Yusif Bağırzadə onu da vurğulayıb ki, forum ərəfəsində Azərbaycan əleyhinə müəyyən informasiya kampaniyalarının aparılması da gözlənilən idi:

"Adətən beynəlxalq əhəmiyyətli tədbirlər öncəsi müxtəlif siyasi dairələr və lobbi qrupları belə platformaları siyasiləşdirməyə çalışırlar. Xüsusilə Azərbaycanın artan beynəlxalq aktivliyi bəzi dairələrdə narahatlıq yaradır. Bu səbəbdən sosial şəbəkələrdə, bəzi Qərb media qurumlarında və ayrı-ayrı təşkilatlar vasitəsilə forumu kölgə altına salmaq cəhdləri müşahidə olunur. Lakin əvvəlki təcrübələr göstərir ki, bu cür kampaniyalar daha çox siyasi təzyiq elementi xarakteri daşıyır və tədbirlərin ümumi nəticəsinə ciddi təsir göstərə bilmir.
Əksinə, belə forumların uğurlu təşkili Azərbaycanın beynəlxalq arenadakı mövqelərini daha da möhkəmləndirir. WUF13 həm də Azərbaycanın müasir şəhərsalma, dayanıqlı inkişaf və postmünaqişə bərpa modeli ilə bağlı öz baxışlarını dünyaya təqdim etməsi üçün mühüm platformaya çevrilə bilər. Bu baxımdan forum yalnız urbanizasiya tədbiri deyil, həm də siyasi, iqtisadi və strateji əhəmiyyət daşıyan beynəlxalq hadisə kimi qiymətləndirilməlidir".

Süleyman
Xəbəri paylaş