
"Diqqət edin. Türk dövlətləri dünyanın ən mühüm enerji ehtiyatlarının yerləşdiyi bölgələrdədir. Avropanı və Asiyanı birləşdirən strateji nəqliyyat dəhlizləri türk coğrafiyasından keçir. Gənc əhali, zəngin təbii sərvətlər, geniş bazarlar və böyük geosiyasi imkanlar mövcuddur. Bütün bunlar ayrı-ayrılıqda ciddi üstünlüklərdir.
Lakin tarix bizə başqa bir həqiqəti də öyrədir. Sərvət öz-özlüyündə güc yaratmır. Ərazi güc yaratmır. Əhali də təkbaşına güc yaratmır. Gücü yaradan institutlardır".
Newscenter.az xəbər verir ki, bunları hüquq elmləri doktoru Səftər Rəhimli deyib. O bildirib ki, bir xalqın və ya dövlətlər birliyinin taleyini sahib olduğu resurslar deyil, həmin resursları hansı məqsəd uğrunda səfərbər etməsi müəyyən edir. Roma imperiyasını ordular, Britaniyanı donanma, ABŞ-ni universitetlər və elm, Çini isə sənaye və uzunmüddətli dövlət strategiyası yüksəltdi:
"Bu səbəbdən mən hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının gələcəyi yalnız sammitlərdə qəbul edilən bəyanatlardan asılı deyil. Türk dünyasının ortaq universitetlərə, ortaq elmi-tədqiqat mərkəzlərinə, ortaq investisiya fondlarına, ortaq texnologiya proqramlarına və uzunmüddətli strateji hədəflərə ehtiyacı var.
Əsas məsələ emosional birlikdən institusional birliyə keçməkdir".
Səftər Rəhimli hesab edir ki, əgər türk dünyası bu keçidi bacarsa, XXI əsrin ikinci yarısında Avrasiyanın ən mühüm güc mərkəzlərindən birinə çevrilə bilər:
"Əgər bacarmasa, yüz il sonra da eyni potensialdan, eyni imkanlardan və eyni reallaşmamış arzularımızdan danışmağa davam edəcəyik. Məncə artıq əsas sual "bizim nə qədər potensialımız var?" deyil. Əsas sual budur: Bu potensialı real gücə çevirmək üçün hansı institutları qururmalıyıq?"
Süleyman












































