Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin növbədənkənar sessiyası keçirilib

Milli Məclisin növbədənkənar sessiyası keçirilib


İyunun 19-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

Newscenter.az-ın xəbərinə görə. spiker Sahibə Qafarova bildirib ki, iclasın gündəliyində 14 məsələ var və birinci məsələ “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsidir (ikinci oxunuş).

Sədr bu məsələ ilə əlaqədar Hökumət üzvlərinin, Hesablama Palatası rəhbərliyinin və digər vəzifəli şəxslərin iclasda iştirak etdiyini söyləyib.

Məsələ barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov məlumat verib.

Komitə sədrinin müavini deyib ki, 2025-ci ilin büdcəsi dövlətin mühüm funksiyalarının ahəngdar icrası üçün etibarlı maliyyə təminatı yaradıb, makroiqtisadi sabitlik qorunub saxlanılıb, sosial-iqtisadi inkişafın əsas istiqamətləri üzrə maliyyələşmə uğurla həyata keçirilib.

Ötən ilin büdcəsinin gəlir, xərc və digər parametrlər üzrə müsbət dinamikasını diqqətə çatdıran Azər Badamov vurğulayıb ki, ötən il müdafiə və təhlükəsizlik, əhalinin sosial müdafiəsi, işğaldan azad edilmiş ərazilərin bərpası üzrə xərclərin maliyyələşdirilməsi prioritet istiqamətlər olaraq davam etdirilib. Həmçinin sahibkarlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun genişləndirilməsi, nəqliyyat, logistika və digər infrastruktur layihələrinin reallaşması üçün dövlət dəstəyi tədbirləri həyata keçirilib, zəruri maliyyə vəsaitləri ayrılıb.

Layihənin məruzəçisi 2025-ci ilin dövlət büdcəsinin Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi strateji inkişaf prioritetlərinə, sosial-iqtisadi hədəflərə və milli maraqlara uyğun uğurla icra edildiyini vurğulayıb.

Məsələ ilə bağlı müzakirələrdə parlamentin komitə sədri Zahid Oruc, deputatlar Vüqar Bayramov, Kamal Cəfərov, Samir Vəliyev, Soltan Məmmədov çıxış edərək, öz fikir və qeydlərini səsləndiriblər.

Sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu söyləyib. Spiker ikinci məsələ olan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat vermək üçün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamova söz verib.

O bildirib ki, qanun layihəsi gömrük sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsinə, gömrük inzibatçılığının səmərəliliyinin artırılmasına və xarici iqtisadi fəaliyyət iştirakçıları üçün daha əlverişli şəraitin yaradılmasına xidmət edir.

Komitə sədrinin müavini vurğulayıb ki, təklif olunan dəyişikliklər gömrük prosedurlarının daha şəffaf və operativ həyata keçirilməsinə, gömrük nəzarəti və auditi mexanizmlərinin təkmilləşdirilməsinə, həmçinin hüquqi müəyyənliyin artırılmasına şərait yaradacaq.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Növbəti məsələ - “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri deyib ki, qanun layihəsi barədə əvvəlki oxunuşlarda ətraflı məlumat verilib. Dəyişiklik Naxçıvan Muxtar Respublikasında idarəçilik modelinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Bu qanun layihəsi də üçüncü oxunuşda qəbul edilib.

Gündəliyin dördüncü məsələsi olan “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim edən spiker Sahibə Qafarova xatırladıb ki, layihə beynəlxalq sənədlə bağlı olduğu üçün “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, bir oxunuşda qəbul ediləcək.

Qanun layihəsi barədə məlumat verən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, viza tələblərindən azad edilməsi haqqında bağlanmış sazişlər nəticəsində Azərbaycan vətəndaşlarının ümumilikdə 95 ölkəyə sərbəst gediş-gəlişi təmin olunur.

Komitə sədri qeyd edib ki, bu gün deputatlara təqdim olunan "Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş" 4 may 2026-cı ildə Kito şəhərində imzalanıb. Sazişin məqsədi hər iki dövlətin etibarlı diplomatik, rəsmi və xidməti pasportlara malik olan vətəndaşlarının səyahətlərini asanlaşdırmaqdır.

Səməd Seyidov vurğulayıb ki, xarici əlaqələrin genişləndirilməsi baxımından bu qanun layihəsi ölkəmizin milli maraqlarına tam uyğundur və komitə sənədlə bağlı müsbət rəy verib.

Məsələ ilə bağlı deputat Hikmət Məmmədovun fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.



Gündəliyin beşinci məsələsi olan “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. O, bildirib ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa təklif olunan dəyişikliklər media sahəsində fəaliyyət göstərən tənzimləyici qurumun səlahiyyətlərinin genişləndirilməsi ilə əlaqədar onun adının dəyişdirilərək "Media və Yayım Şurası" ilə əvəz olunmasını nəzərdə tutur.

Altıncı məsələ olan “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc diqqətə çatdırıb.

Komitə sədri bildirib ki, qanun layihəsinə əsasən, mövcud Audiovizual Şura və Medianın İnkişafı Agentliyinin bazasında kollegial idarəetmə sisteminə malik vahid qurum – Media və Yayım Şurası yaradılır. O, bu dəyişikliyi media sahəsində yeni nəsil tənzimləmə modelinə keçid kimi dəyərləndirib, təklif olunan layihənin dövlətin milli informasiya məkanının hibrid hücumlardan qorunması, regional və beynəlxalq məkanda yaranan çağırışlara uyğun media strukturlarının gücləndirilməsi, institusional mexanizmlərin təkmilləşdirilməsi baxımından əhəmiyyətindən danışıb.

Dəyişikliklərə əsasən, media və yayım sahəsində səlahiyyətli dövlət orqanı kimi Media və Yayım Şurası sosial şəbəkələrdə dezinformasiyanın aşkarlanması, media subyektlərinə iqtisadi dəstək tədbirlərinin həyata keçirilməsi və audiovizual məhsulların sifarişçisi qismində çıxış etmək kimi səlahiyyətlərə malik olacaq.

Komitə sədri qeyd edib ki, Şura lisenziyalaşdırma, Media Reyestrinin aparılması və qanunvericiliyə nəzarət funksiyaları ilə yanaşı, media sahəsinin inkişafı, ictimai rəyin öyrənilməsi və strateji informasiya siyasətinin həyata keçirilməsini də vahid mərkəzdə birləşdirəcək.

Bildirilib ki, təklif olunan model beynəlxalq təcrübəyə uyğundur. Avropa və digər Qərb ölkələrində də media və yayımın tənzimlənməsi, rəqəmsal media mühitinin idarə olunması və istifadəçi hüquqlarının qorunması vahid qurumlar tərəfindən həyata keçirilir. Müasir dövrdə informasiya hücumları təkcə ayrı-ayrı media resursları vasitəsilə deyil, müxtəlif siyasi və maraq qruplarının, rəqəmsal platformaların və sosial şəbəkələrin əlaqələndirilmiş fəaliyyəti ilə həyata keçirilir.

Vurğulanıb ki, təklif olunan dəyişikliklər strateji kommunikasiya siyasətinin daha səmərəli əlaqələndirilməsinə, dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsinə, informasiya məkanının təhlükəsizliyinin təmin edilməsinə və yerli medianın inkişafına təkan verəcək.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin qanun layihəsi ilə bağlı müsbət rəyini komitənin sədri Əli Hüseynli diqqətə çatdırıb.

Məsələlərin müzakirəsində komitə sədrləri Siyavuş Novruzov və Hicran Hüseynova, deputatlar Razi Nurullayev, Sevil Mikayılova, Sahib Alıyev, Elçin Mirzəbəyli, Vüqar Rəhimzadə, Azər Allahverənov, Rəşad Mahmudov və Bəhruz Məhərrəmov çıxış edərək, qanun layihəsinin mütərəqqi xarakter daşıdığını, təklif olunan dəyişikliklərin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Sonra qanun layihələri ayrı-ayrı səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edən spiker Sahibə Qafarova bildirib ki, məsələ ilə bağlı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov iclasda iştirak edir.

Qanun layihəsi barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov məlumat verib.

O bildirib ki, qanun layihəsi avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ hüquqi, texnoloji və institusional bazanın yaradılmasının təmin edilməsi məqsədilə hazırlanıb.

Layihə üzrə məruzəçi rəqəmsal texnologiyaların tətbiqi fonunda nəqliyyat sektorunda müşahidə olunan inkişaf meyillərinə və bu sahədə meydana çıxan yeni çağırışlara diqqət çəkib. Bildirilib ki, bu qanun layihəsi də nəqliyyat sahəsində rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qlobal inkişaf meyillərinə uyğun olaraq hazırlanıb.

Vurğulanıb ki, qanun layihəsində təklif olunan dəyişikliklər də rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi fonunda avtonom nəqliyyatın inkişafı üçün hüquqi əsasların yaradılmasına, nəqliyyat sisteminin təhlükəsizliyinin artırılmasına, iqtisadi səmərəliliyinin yüksəldilməsinə, xidmət keyfiyyətinin yaxşılaşdırılmasını, bu sahədə dövlət tənzimlənməsinin təkmilləşdirilməsini nəzərdə tutur.

Məruzəçi sənəddə təsbit olunan yeni anlayışları diqqətə çatdırıb, məsafədən idarəetmənin tətbiqi ilə bağlı tənzimləmələr, habelə istismar zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət, nəqliyyat vasitəsinin istismarı ilə bağlı məlumatların saxlanması, istismar zamanı yaranan hallara operativ müdaxilə mexanizmləri və digər məsələlərlə bağlı təsbit olunan qaydalar barədə məlumat verib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi ilə bağlı komitəsinin müsbət rəyini diqqətə çatdırıb.

Müzakirədə deputatlar Göydəniz Qəhrəmanov, Hikmət Məmmədov və Erkin Qədirlinin fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Bildirilib ki, "Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə" 2025-ci il 9 dekabr tarixli Qanuna əsasən yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması, mopedlərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və bu sahədə hüquqi tənzimləmə mexanizminin yaradılması məqsədilə mopedlərin dövlət qeydiyyatından keçirilərək uçota alınması, onlara dövlət qeydiyyat nişanının verilməsi, habelə mopedlərin sürücülük vəsiqəsi əsasında idarə olunması müəyyən edilib. Beləliklə, mopedi idarə etmək üçün "A1" kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı tələb olunur.

Qeyd edilib ki, təqdim olunan qanun layihəsində "Avtomobil yolları haqqında", "Dövlət rüsumu haqqında", "İcbari sığortalar haqqında" qanunlarda uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsi təklif olunur. Layihədə mopedlərin texniki baxışdan keçirilməsinə, dövlət qeydiyyatına alınmasına, sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə və dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun dərəcələrinin qüvvədə olan dövlət rüsumları məbləğində tənzimlənməsi, eləcə də qeydiyyatdan keçmiş mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortası nəzərdə tutulur.

Sənədlə bağlı müzakirələrdə deputatlar Razi Nurullayev, Elçin Mirzəbəyli, Məlahət İbrahimqızı çıxış edərək, öz fikirlərini açıqlayıblar.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “İctimai iştirakçılıq haqqında” və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumat verib.

O, qanun layihəsinin Elektron Hökumət İnformasiya Sisteminin tətbiqinin genişləndirilməsi ilə bağlı olduğunu bildirib. Son dövrlər parlamentdə qanunların ictimai müzakirəsinin keçirilməsinin geniş vüsət aldığını və bunun qanunun tələbi, eyni zamanda, vətəndaş məmnunluğunun təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Komitə sədri diqqətə çatdırıb ki, layihəyə əsasən, "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"nə və "İctimai iştirakçılıq haqqında" Qanuna təklif edilən dəyişikliklər ictimai dinləmə və müzakirənin təşkili prosesinin Elektron Hökumət İnformasiya Sistemi üzərindən də həyata keçirilməsinin qanunvericilik əsaslarının yaradılmasını özündə ehtiva edir. O, qeyd edib ki, "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" Qanuna təklif edilən dəyişikliklər də eyni qəbildən olan dəyişikliklərdir və qanunvericilik təşəbbüsü hüququndan istifadənin elektron qaydada təşkili zamanı yaranan prosedurların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə də həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir.

Deputatlar Erkin Qədirli və Hikmət Məmmədov məsələ barədə öz fikirlərini bildirdikdən sonra, qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasda Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb.

O, qeyd edib ki, sənəddə dövlət təhsil siyasətinin həyata keçirilməsində bir sıra məsələlərin tənzimlənməsi nəzərdə tutulur. Bildirilib ki, qanun layihəsinə görə, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin işgüzar geyim üslubu ilə bağlı tələblərin müəyyən edilməsi təsbit olunur. Həmin tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur. Həmçinin, təklif olunan dəyişikliklərə əsasən, təhsilalanların müəyyən edilmiş geyim qaydalarına riayət etməsinin təmin olunması ilə bağlı valideynlərin və digər qanuni nümayəndələrin vəzifələri dəqiqləşdirilir.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentin spikeri gündəliyin son 4 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsindən (ikinci oxunuş) bəhs edib.

Deputat nəzərə çatdırıb ki, qanun layihəsində təklif edilən dəyişikliklərdə təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxslərlə bağlı prosessual qaydaların təkmilləşdirilməsi nəzərdə tutulur.

O, layihə barədə birinci oxunuş zamanı geniş məlumat verildiyini, səsləndirilən təkliflərlə bağlı işçi qaydada müzakirələrin aparıldığını qeyd edib və məsələyə dair heç bir əlavə təklifin olmadığını nəzərə alaraq, sənədin səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

O, bildirib ki, qanun layihəsində məhkəməyədək sadələşdirilmiş icraatla bağlı bəzi prosessual müddətlərin artırılması, Məcəllənin bir sıra maddələrində "şikayət" sözünün "məlumat" sözü ilə əvəz edilməsi, habelə aidiyyəti prosessual sənədlərdə hüquqi şəxsə dair müvafiq məlumatların göstərilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulur.

Millət vəkili ikinci oxunuş üçün sənədə dair heç bir təklifin daxil olmadığını söyləyərək, onun səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İclasda İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Komitə sədri məsələ ilə bağlı parlamentdə aparılan müzakirələrin uşaqların rəqəmsal təhlükəsizliyi sahəsində vahid və prinsipial mövqe nümayiş etdirdiyini bildirib. O, uşaqlar üçün keyfiyyətli milli filmlərin, elmi-populyar proqramların, elektron kitabxanaların və təhlükəsiz Azərbaycan dilli rəqəmsal platformaların yaradılmasının vacib olduğunu qeyd edib.

Təqdim olunan qanun layihəsində rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin olunması, habelə platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə bir sıra dəyişikliklər nəzərdə tutulur.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim olunan qanun layihəsinə dair bu komitələrin müsbət rəylərini diqqətə çatdırıblar.

Bildirilib ki, qanun layihəsinin birinci oxunuşda qəbulundan sonra fəal müzakirələr aparılıb, müvafiq dövlət qurumları və vətəndaş cəmiyyəti institutları tərəfindən müxtəlif maarifləndirici tədbirlər keçirilib, mediada məqalələr dərc edilib. Qeyd olunub ki, bütün bunlar cəmiyyətin sözügedən hüquqi tənzimləməni dəstəklədiyini göstərir.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib.

O, qanun layihəsinin birinci oxunuşu zamanı təklif olunan dəyişikliklərin mahiyyəti barədə ətraflı məlumat verildiyini və layihənin konseptual olaraq dəstəkləndiyini qeyd edib.

Komitə sədri diqqətə çatdırıb ki, müzakirəyə təqdim olunan qanun layihəsi keçmiş məcburi köçkünlərin doğma yurdlarında dayanıqlı məskunlaşmasının hüquqi əsaslarının təkmilləşdirilməsini, işğaldan azad edilmiş ərazilərə köçürülən şəxslərin statusunun və onlara göstərilən sosial dəstək mexanizmlərinin tənzimlənməsini nəzərdə tutur.

Qeyd olunub ki, dəyişikliklər nəticəsində yeni institut – “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu” yaradılacaq. Bu fonda daxil edilən yaşayış sahələri keçmiş məcburi köçkünlərin həmin ərazilərə köçürülməsi və sonradan onların mülkiyyətinə verilməsi məqsədilə istifadə olunacaq.

Sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək, qanun layihəsinə dair təmsil etdikləri komitələr tərəfindən müsbət rəylərin verildiyini diqqətə çatdırıblar.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin bugünkü iclası başa çatıb.

Süleyman
Xəbəri paylaş